Azərbaycan MN: “4 hərbi qulluqçumuz öldürülüb”

Azərbaycan Müdafiə Nazirliyi

Şəklin mənbəyi, MOD.GOV.AZ

Azərbaycan Müdafiə Nazirliyi Xöcavənd rayonunda "ermənilərin qəfil hücumu" nəticəsində dörd hərbi qulluqçunun öldürlüdüyünü açıqlayıb.

Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bazar günü dekabrın 13-də açıqlanan məlumata əsasən, Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə qalmış bəzi erməni silahlı birləşmələri həmin ərazini "tərk etməmiş, əksinə döyüş mövqeləri yaratmış və son günlər qeyd olunan ərazidə Azərbaycan tərəfdən mülki xidmətləri həyata keçirən şəxslərə və hərbi qulluqçulara qarşı terror-təxribat və diversiya əməllərini törətmişlər."

"Belə ki, 2020-ci il noyabr ayının 26-da işğaldan azad olunmuş Xocavənd rayonun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbiçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz öldürülmüş, 2 nəfər yaralanmış, dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçu həlak olmuş və "Azercell" şirkətinin əməkdaşı ağır yaralanmışdır," - məlumatda deyilir.

"Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti həmin ərazidə anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalmışdır.", - Azərbaycan MN və DTX-nın məlumatında qeyd olunub.

Məlumatda deyilir ki, Ermənistanın rəsmi dairələrinə istinadən erməni kütləvi informasiya vasitələrində sözügedən silahlı dəstələrin meşəlik ərazidə azmış vəziyyətdə olduğu barədə məlumat verilmişdi. Onların ərazidən çıxarılması üçün Ermənistan tərəfi Rusiya Federasiyası sülhməramlı qüvvələrinin komandanlığına müraciət etmişdi.

"Azərbaycan tərəfi haqqında bəhs olunan erməni silahlı dəstələrinin ərazidən çıxarılması ilə əlaqədar bütün şəraiti təmin etmişdir. Rusiya sülhməramlı qüvvələrinin hərbi qulluqçuları ağır hava şəraitində həmin əraziyə gələrək səs gücləndirici vasitələrlə meşəlik ərazidə olan erməni silahlı dəstələrinə müraciət etmiş və onların ərazidən təxliyəsi üçün zəruri tədbirlərin görüldüyü bildirmişdir."

"Ümumiyyətlə, Rusiya Federasiyası sülhməramlı qüvvələri atəşkəs rejiminin qorunub saxlanması və "itkin düşmüş", "azmış" olduğu iddia olunan erməni hərbçilərinin ərazidən təxliyəsi üçün məsuliyyətlə və yüksək peşəkarlıqla öz üzərinə düşən vəzifələri yerinə yetirmişdir, - Azərbaycan MN və DTX-nın məlumatında qeyd olunub. - Ermənistanın bəzi rəhbər şəxslərinin və erməni kütləvi informasiya vasitələrinin bu kimi hallara görə Rusiya sülhməramlı qüvvələrinə və Azərbaycan tərəfinə qarşı əsassız iddialar irəli sürməsi qəbuledilməzdir."

Azərbaycan Xarici İşlər Nazirliyi

Şəklin mənbəyi, AZERTAG

Bakı: Yerevanın iddiaları "əsassızdır və qəbuledilməzdir"

"Təxribat fəaliyyəti erməni silahlı birləşmələrinin qalıqları tərəfindən törədilib," Azərbaycan XİN-i bildirib.

XİN-in mətbuat xidmətinin bazar günü yaydığı məlumatda deyilir ki, "Azərbaycan hökuməti və Rusiya Federasiyasının sülhməramlı heyəti 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəaları əsasında sülhün qorunub saxlanılması üçün bütün lazımi tədbirləri görürlər."

Rəsmi Bakı xatırladıb ki, 10 noyabr tarixli bəyanat "tam atəşkəsi və bütün hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur."

"Ermənistanı üçtərəfli bəyanatın tələblərinə ciddi riayət etməyə və bundan sonra onun icrasına əngəl törədən destruktiv fəaliyyətdən çəkinməyə çağırırıq," - XİN-in məlumatında vurğulanıb.

Rəsmi Bakı Rusiya sülhməramlıları ilə birgə "bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün müvafiq tədbirləri həyata keçirəcəyini" bildirib.

Yerevan 6 erməni hərbçisinin yaralandığını bildirib

Ermənistanın Xarişi İşlər nazirliyinin bildirdiyinə görə, dekabrın 11-də saat 20.40 radələrində, Azərbaycan silahlı qüvvələrinin xüsusi təyinatlıları Dağlıq Qarabağın Hadrut bölgəsinin "Hin Tağlar və Xtsaberd kəndləri ərazisində" təmas xəttinə hücum ediblər.

"Hücum nəticəsində "Artsax Müdafiə Ordusunun" altı hərbi qulluqçusu yaralanıb," - Ermənistan XİN-in məlumatında deyilib.

Rəsmi Yerevan qeyd edib ki, Azərbaycan qüvvələri bu gün də Hadrut bölgəsinin "Mets Şen və Hin Şen kəndləri istiqamətində təxribatçı hərəkətlərini davam etdirbilər."

Rusiya sülhməramlıları

Şəklin mənbəyi, AFP/Getty Images

Ötən gün Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin "təxribat əməlləri" törətdiyini bildirmişdi.

Azərbaycan MN: "Atəşkəsi Ermənistan pozub"

Azərbaycan bildirir ki, erməni tərəfi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində atəşkəs rejiminin pozulması ilə müşayiət olunan "təxribat əməlləri törətmişdir".

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin şənbə günü yaydığı məlumatında deyilir.

"Azərbaycan Silahlı Qüvvələri tərəfindən adekvat cavab tədbirləri görülmüşdür. Hal-hazırda atəşkəs rejiminə riayət olunur".

Dağlıq Qarabağda sülhməramlı əməliyyatın başlanmasından bəri ilk dəfə olaraq, atəşkəsin pozulduğu barədə xəbəri Rusiya da təsdiqləyib.

"Dekabrın 11-də Hadrut bölgəsində atəşkəsin pozulması ilə bağlı bir hadisə qeydə alınıb", - Rusiya Müdafiə Nazirliyinin şənbə günü yaydığı məlumatında deyilir.

Bundan əvvəl Ermənistan Azərbaycanın Çaylaqqaya ( Xtsaberd) və Köhnə Tağlar (Hin Tağlar) kəndləri istiqamətində "hücum əməliyyatlarına" başladığını bildirib. Daha əvvəl informasiya vasitələri bu iki kəndin, Azərbaycan, Ermənistan və Rusiya dövlət başçıları tərəfindən imzalanan atəşkəs haqqında bəyanata əsasən, Azərbaycanın nəzarətinə keçən 29 yaşayış məntəqələri siyahısına daxil edilmədiyini bildirmişdilər.

"Müdafiə ordusunun bölmələri qarşı tərəfin fəallığını dəf etmək üçün tədbirlər görür", - Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Hadrutda baş berən atışma barədə məlumatlar artıq bir müddətdir yayılır.

Şənbə günü Azərbaycan Prezidenti bölgədə bəzi "terror aktlarının" olduğunu qeyd edib. İlham Əliyev bu mövzuya ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edərkən toxunub.

Tank

Şəklin mənbəyi, STRINGER/AFP/Getty images

"Vəziyyət müəyyən dərəcədə sabitdir. Baxmayaraq, indi mənə məlumat verilib ki, dünən ya erməni yaraqlıları, yaxud "Ermənistan ordusu" adlandırdıqları qalıqlar tərəfindən bəzi terror aktları törədilib", - Prezident İlham Əliyevin sözləri Azərtac-da iqtibas olunur.

Şənbə günü erməni mənbələri Hadrut "istiqamətindəki mövqelərdə" atəş mübadiləsinin yer aldığını xəbər veriblər. Məlumatlara görə, cümə günü axşam çağlarında baş verən hadisə nəticəsində üç nəfər erməni hərbçisi yaralanıb.

Bundan əvvəl Azərbaycan mediasında burada "silahlı təxribat"ın olduğu bildirilib. "Hadrutda ermənilər Azərbaycan hərbi personalına qarşı silahlı təxribat həyata keçiriblər", - 11 dekabrda Trend agentliyinin yaydığı xəbərdə deyilir.

Daha əvvəl isə Hadrutda avadanlıq quraşdıran rabitə şirkəti işçilərinin öldürülməsi barədə də xəbərlər yayılmışdı. Amma daha sonra onlar öz rəsmi təsdiqini tapmadı.

BBC News Azərbaycancaya danışan hərbi eskpertə əsasən, atışma ilə bağlı insident döyüşlərdən sonra Hadrut ətrafındakı meşələrdə qalaraq, kənara çıxmağa çalışan erməni hərbçiləri ilə bağlı ola bilər.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov Hadrutla bağlı yayılan məlumatların rəsmən təsdiqlənmədiyini qeyd etsə, insidentin "təxribat" ola biləcəyini istisna etməyib.

"Əgər orada elə bir insident varsa, çünki rəsmi açıqlamalar yoxdur, Azərbaycanın müvafiq qurumları bu məsələ ilə məşğul olaraq onları zərərsizləşdirəcəklər," - şənbə günü BBC News Azərbaycancaya danışan Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağda qarşı tərəfdən "təxribat" və "partizan tipli" hərəkətlər də ola bilər. Lakin müvafiq orqanlar bunun əleyhinə təhlükəsizlik tədbirləri görür və onların "öhdəsindən gələcək".

Hadrut qəsəbəsinin işğaldan azad olunduğunu 9 oktyabrda Prezidenti İlham Əliyev elan edib.

Azərbaycan və Ermənistan arasında 44 günlük müharibə 27 sentyabrda başlayıb.

Müharibəyə noyabrın 10-da Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən imzalanan və 10 noyabrdan başlayaraq Dağlıq Qarabağda atəşkəsə dair birgə bəyanatla son qoyulub.